Təxminən 15 il əvvəl köndələn (yoğun) çənbər bağırsaq adenokarsinomasına görə iki etaplı yoğun bağırsaq rezeksiyası keçirmiş (əməliyyat sonrası böyük insizional yırtıq, ciddi adheziv proses əmələ gəlmişdir), habelə beş il əvvəl keçirdiyi işemik beyin insultundan sonra sağ tərəfli hemiplegiyası olan 74 yaşlı kişi xəstə 7 gün davam edən sancışəkilli qarın ağrısı, ürək bulanması, qazların və nəcisin xaric olmaması səbəbindən tibbi yardım həkimi tərəfindən müayinə olunmuş və bağırsaq keçməməzliyi diaqnozu ilə hospitalizasiya olunmuşdur. Aparılmış KT müayinəsində (per oral 40 ml uroqrafin və venadaxili kontrastla (ultravist 100 ml) və kontrastsız) yoğun bağırsağın diametrinin genişlənməsi (xüsusilə də, kor bağırsağın nahiyəsində bağırsaq diametrinin 13 sm olması) və hepatik fleksura nahiyyəsində mənfəzi obstruksiya edən törəmənin olması aşkar edilmişdir. Daxil olarkən qan analizləri (elektrolitlər, qanın ümumi analizi, qidalanma statusunu təyin etmək üçün ümumi zülal və albumin səviyyəsi, koaquloqram, kreatinin, şəkər, qaraciyərin funksional paneli), EXOKQ, EKQ və digər müvafiq analizlər və diaqnostik görüntüləmə tədbirləri aparılmış, konservativ müalicə tədbirlərinə başlanılmış (həm də ehtimal edilən əməliyyatönü hazırlığın tərkib hissəsi kimi), nazoqastral dekompressiv zond qoyulmuş, mərkəzi və periferik venoz kateterlər vasitəsilə venadaxili maye infuziyaları və elektrolitlərin korreksiyasına start verilmişdir.
Xəstənin vəziyyətinin ağırlığını, əməliyyat riskinin yüksək olmasını, patologiyanın xarakteri və xəstənin yaşını nəzərə alaraq, az invaziv prosedurların (dekompressiv kolonoskopiya, yoğun bağırsağın stenozlaşmış hissəsinə özüaçılan metal stentin (SEMS, self-expanding methallic stent) qoyulması) aparılması müzakirə edilmişdir. Lakin həmin prosedurların müxtəlif səbəblərdən (SEMS əlçatan olmaması; bağırsaq möhtəviyyatı səbəbindən kolonoskopiyanın uğursuz olması) təcili qaydada icrası mümkün olmamışdır. Yoğun bağırsağın tam mexaniki obstruksiyası mövcud olduğundan və yuxarıda qeyd edilmiş konservativ metodlar nəticə vermədiyi səbəbindən, xəstə hazırlanaraq təcili qaydada cərrahi əməliyyata götürülmüşdür. Əməliyyat zamanı (əməliyyat müddətini qısaltmaq məqsədilə pararektal kəsik aparılmışdır) kor və qalxan çənbər bağırsaqların kəskin genişlənməsi (13-15 sm), yoğun bağırsağın hepatik fleksura nahiyyəsində bağırsaq mənfəzini tam obstruksiya edən, sərt, çələ-çötür bərk törəmənin olması (çox guman ki, adenokarsinomanın yerli residivi) müəyyən edilmiş və kor bağırsaq ekstraperitonizasiya olunduqdan sonra kor bağırsaq divarında enterotomiya aparılmış, obstruksiyaya proksimal yoğun və nazik bağırsaq mənfəzi dekompressiya olunaraq sekostomiya çıxarılmışdır. Xəstənin ağır klinik vəziyyətini, yanaşı xəstəliklərini, habelə əməliyyatın təcili olduğunu nəzərə alaraq, az travmatik və icrası az vaxt tələb edən bir paliativ dekompressiv əməliyyatın seçilməsi və icra olunması nəticəsində xəstənin vəziyyəti tam yaxşılaşmış və əməliyyatdan sonrakı 7-ci gün xəstə evə yazılmışdır.