2008-ci ildə dünya ölkələrində 12.7 milyon yeni xərçəng xəstəliyi qeydə alınmış və 7.6 milyon insan xərçəngdən ölmüşdür. Həmin bədxassəli törəmələrin bir çoxunun qarşısının alınmasının mümkünlüyünə dair çoxsaylı sübutların olduğunu nəzərə alsaq, qeyd olunmuş statistikanın nə dərəcədə sarsıdıcı olduğu aydın görünür. Xərçəng diaqnozu qoyulmuş xəstələr arasında sağqalma halları artsa da, ölənlərin sayı hələ də çoxdur. Məsələn, ABŞ-da hər il yarım milyondan çox insan xərçəng səbəbindən ölür. ABŞ-da yaşı 85-dən aşağı olan əhali arasında baş verən ölüm hallarının aparıcı səbəbi məhz xərçəng xəstəliyidir. Ölümün səbəblərinə görə ABŞ-da xərçəng ürək-damar xəstəliklərini artıq üstələyibdir.
Həm skrininq, həm də profilaktik tədbirlər xərçəng xəstəliyindən ölüm hallarını azalda bilər. Skrininq tədbirləri xərçəng önü anomaliyaların/dəyişikliklərin aşkar edilməsi və ya xərçəng xəstəliklərinin çox erkən mərhələlərdə müəyyən edilməsinə və beləliklə müalicənin daha effektiv olmasına kömək edir. Profilaktik strategiyalar isə xərçəngin inkişafına şərait yaradan və ya təsir edən həyat tərzi və ətraf mühitlə bağlı risk faktorların modifikasiyasına yönəlib. Təhlillər göstərir ki, bütün xərçəng xəstəliklərinin 50%-nin qarşısı alına biləndir.
Xərçəng xəstəliklərinin inkişafına təsir edən çoxsaylı risk faktorları müəyyən edilib: tütünçəkmə, artıq bədən çəkisi, qeyri-sağlam qidalanma və fiziki aktivliyin çatışmazlığı. Araşdırmalardan müəyyən edilib ki, modifikasiya oluna bilən 9 risk faktoru dünyada baş verən bütün xərçəng hallarının 35%-na səbəb olur. Bu 9 risk faktoruna aşağıdakılar aiddir: tütünçəkmə, spirtli içkilərdən istifadə, meyvə və tərəvəz tərkibi az olan pəhriz, artıq çəki, fiziki passivlik, müdafiəsiz cinsi əlaqə, şəhərlərdə havanın çirklənməsi, bərk yanacaqların istifadəsi və tibb müəssisələrində yatrogen yayılma. Xərçəngin Tədqiqi üzrə Beynəlxalq Agentlik tərəfindən insanlarda xərçəng xəstəliyinə səbəb olan 100-dən çox karsinogen müəyyən edilibdir. 2015-ci ildə qırmızı ət də karsinogenlər siyahısına daxil edildi.
Həyat tərzi ilə bağlı faktorlar müxtəlif bədxassəli törəmələrin inkişafı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə bu bağlılıq xüsusilə də, ağciyər, kolorektal, prostat vəzi və süd vəzi xərçənglərinin inkişafında özünü biruzə verir.