Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri İB-nin birgə təşkilatçılığı ilə keçiriləcək bu Beynəlxalq Konfrans həm fiziki, həm də virtual iştirakla hibrid formatda gerçəkləşəcəkdir. Elmi Proqram Komitəsi əsas anlayışlar, qabaqcıl diaqnostika və laboratoriya təbabətində istifadə olunan üsullar kimi mühüm mövzuların geniş spektrini əhatə edən fantastik multidissiplinar proqram ərsəyə gətirəcəkdir. Proqramda əsas məruzələr, şifahi və poster təqdimatlar və yüksək səviyyəli təlimatlandırıcı müzakirələr də təşkil ediləcəkdir.
İki günlük Konfransda aparıcı beynəlxalq məruzəçilər və milli mütəxəssislərin iştirakı ilə laborator diaqnostikada son innovativ texnologiyalar, genetik xəstəliklərin diaqnostikası, laboratoriyalarda təhlükəsizlik tədbirləri və effektiv idarəetmə, neonatal skrininq, ürək markerlərinin klinik tətbiqi, biomarkerlərin rolu, laboratoriyalarda keyfiyyətə nəzarət və digər mühüm elmi məsələlərvə klinik problemlər müzakirə ediləcəkdir. Bu konfransın məqsədi laboratoriya təbabətinin inkişafına və qabaqcıl biliklərin yayılmasına töhfə verməklə yanaşı, həm də iştirakçılar arasında peşəkar və elmi əlaqələrin/körpülərin yaradılmasına dəstək olmaqdır.