Uşaqlıq boynunun xərçəngi (UBX) populyasiya skrininqinin aparılması üçün zəruri tələblərə cavab verən azsaylı bədxassəli şiş növlərindən biridir. Bu xəstəlik geniş yayılmışdır, qadınlarda ən çox rast gəlinən bədxassəli şişlərdən biridir, vizual müayinə ilə nisbətən asan müəyyənləşdirilməsinə baxmayaraq, bir sıra hallarda xəstəlik gecikmiş mərhələlərdə aşkar edilir. UBX üçün uşaqlıq boynundan və uşaqlıq boynu kanalından götürülən yaxmanın sitoloji müayinəsi kimi etibarlı skrininq test mövcüddur; məhz göstərilən müayinə üsulunu aparmaqla uşaqlıq boynunun xərçəngönü vəziyyətlərini və xərçəngini başlanğıc dövrlərdə müəyyənləşdirmək mümkün olur. Uşaqlıq boynu xərçənginin inkişafının əsas səbəbi insan papilloma virusudur (İPV). Xüsusilə İPV-nin yüksək onkogen tiplərindən olan 16 və 18-ci tipləri daha çox hallarda aşkar edilir. Buna görə İPV-nin yayılma səbəblərinin aşkar edilməsi mühüm epidemioloji əhəmiyyət kəsb etməklə, bu xəstəliyin effektli profilaktika tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinə şərait yaradır.
www.ejcs.org