ISSN: 2522-9176
Use of clinical guidelines and evidence based medicine at the primary healthcare level in Azerbaijan Republic
Page Header Logo EURASIAN JOURNAL OF CLINICAL SCIENCES

Abstract

Məqsədlər: Son 20 ildə sübutlu təbabət konsepsiyasının tətbiqi xeyli uğurlara imza atmağa imkan vermişdir. Məsələn, Britaniyanın Döş Boşluğu Cəmiyyəti tərəfindən 1990-cı ildə Astmaya dair hazırlanmış klinik təlimatlar konsensus əsasında qəbul edilsə də, onun əsasını randomizə olunmuş və müşahidəli tədqiqatlar təşkil etmişdir. Bunun nəticəsində astmanın müalicəsində inqalyasiyalı steroidlərin təyinində pilləli yanaşma astma ilə bağlı xəstələnmə və ölüm hallarının azalması ilə nəticələnmişdir. Həmçinin, Böyük Britaniyanın NİCE təşkilatı tərəfindən cərrahi əməliyyatlardan sonra venoz tromboemboliyanın profilaktikasına dair nəşr etdiyi klinik qaydalar tromboembolik hadisələrin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Azərbaycanda da sübutlu təbabətin (ST) və klinik protokollar (KP) və təlimatların daha geniş tətbiqi keyfiyyətli, səmərəli və maliyyə baxımından mümkün olan səhiyyə xidmətlərinin təmin edilməsinə imkan verə bilər. Lakin gələcək üçün təklif və tövsiyələrin hazırlanması üçün mövcud vəziyyətin öyrənilməsi, ST konsepsiyası və KP-lərin tərtibi və praktik fəaliyyətdə tətbiqinə maneələrin müəyyən edilməsi, tibb işçiləri və müəssisələrin ehtiyaclarının qiymətləndirilməsi xüsusi önəm daşıyır. Hazırkı tədqiqatın əsas məqsədi Azərbaycanda ilkin səhiyyə xidməti səviyyəsində ST-ə yanaşma, sübutlu təbabətə əsaslanan klinik qərarların qəbulu, KP və onların həkimlər tərəfindən praktik fəaliyyətdə tətbiqi vəziyyətin öyrənilməsi olub.

Metodlar: Ümumilikdə ilkin səhiyyə xidmətində çalışan 1337 həkimin iştirakı ilə çarpaz köndələn tədqiqat aparılmışdır. Tədqiqatda iştirak etmiş və sorğu vərəqələrini doldurmuş həkimlərin 532 nəfəri poliklinikalarda çalışan ailə həkimi və terapevt, 529 nəfəri - pediatr və 154 nəfəri qadın məsləhətxanalarında çalışanlar olub. Sorğu iştirakçılarına sübutlu təbabətə dair biliklər, təlim və ümumi yanaşmaları, klinik qərarların qəbuluna dəstək verən mövcud resursları, ST-nin praktik fəaliyyətdə tətbiqinə olan maneələri və ST-nin gələcəkdə tibb fəaliyyətində istifadəsinə dair fikirləri öyrənmək və müəyyənləşdirmək üçün 46 sual verilmişdi. Əldə edilmiş məlumatlar SPSS 12.0 kompüter proqramı vasitəsilə təhlik edilib.

Nəticələr: Digər tibb işçiləri ilə müqayisədə ilkin səhiyyə xidməti səviyyəsində qadın həkimlər çoxluq təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, ailə həkimləri, terapevtlər və pediatrların iş yerində və evdə kompüterə və internetə çıxışı və bunlardan həkimlik fəaliyyəti ilə bağlı istifadə daha yaxşıdır. İlkin səhiyyə xidməti həkimlərinin böyük bir qismi sübutlu təbabət və klinik protokol və təlimatlar barədə məlumatlı olsa da, onların çox az bir hissəsi PubMed, MEDLİNE və digər elektron tibb məlumat bazalarından istifadə edir. Həkimlərin təxminən yarısı klinik protokol və təlimatlara  və ümumilikdə sübutlu təbabətə dair aparılmış təlimlərdə iştirak edib Lakin onların çox az bir hissəsi tibbi ədəbiyyatın tənqidi qiymətləndirilməsini aparmağı bacarır. Müxtəlif ixtisaslardan olan həkimlər ST-yə dair təlimlərin olmamasını ST-nin inkişafına ən ciddi maneə kimi qeyd edib.

Yekun: İlkin səhiyyə xidməti həkimlərinin böyük bir qisminin sübutlu təbabət və onun əsas aspektləri barədə, habelə klinik protokolların tətbiqinin faydasına dair bilik səviyyəsi məhduddur. Onların əksəriyyəti ST-nin klinik təcrübədə müsbət rol oynadığını vurğulasa da, onların təxminən 43%ı bunun iqtisadi baxımdan səmərəli olmamasını bildirmişdir. ST-nin tətbiqi ilə bağlı həkimlər arasında ciddi fikir ayrılığı ölkənin müxtəlif bölgələri və tibb müəssisələrində göstərilən qayğının müxtəlifliyinə dəlalət edir. ST-yə dair tam fərqli yanaşma və fikirlərin haradan qaynaqlandığının öyrənilməsi və tibbi qayğının yaxşılaşdırılması yollarının araşdırılması çox önəmlidir.

FULL TEXT PDF
FULL TEXT PDF

Keywords

evidence based medicine
EBM
clinical guidelines
primary care

©2017 Eurasian Journal of Clinical Sciences. Uptodate In Medicine LLC Health Sciences Publishing. All rights reserved. Unauthorized use prohibited.